Əcayib əd–dünya

“Əcayib əd–dünya” (digər adları: “Əcayib əl–buldan”, “Əcayib əl–aşya” və ya “Əcayib–i barr–u bəhr”)[1] əsəri naməlum müəllif tərəfindən XIII əsrin birinci rübündə (İranlı və İngiltərəli tarixçilərə görə 613/1216–1217–ci ildə)[2] farsca qələmə alınıb.[3] Əsərin 1–i Rusiyada, 1–i İngiltərədə və 1–i İranda olmaqla cəmi 3 əlyazması məlumdur.[4] İngiltərə və İranda əlyazmaları tədqiq etmiş tarixçilərin təxmininə görə əsərin müəllifi Əbülmüəyyəd Əbu Muti Bəlxidir (rus. Абу–л–Му’аййад Абу Мути’ Балхи; ing. Abu’l–Muayyad Abu Muti’ Balkhi).[5]
L. P. Smirnovaya görə İranlı tarixçi Z. Səfa (özü əlyazmanı görmədən) digər İranlı müəllif olan Məhəmmədtağı Baharın (fars. محمدتقی بهار‎; ing. Mohammad–Taqí Bahār; d. 1886 – ö. 1951) yazdıqlarına istinad edərək[6] qeyd edir ki, “Əbülmüəyyəd Əbu Muti Bəlxi bu əsəri 365/976–cı ildə hakimiyyətə gəlmiş samani əmiri Əbül Qasım Nuh ibn Masur[q.1] üçün qələmə alıb[7]; Ancaq Əbu Əli Məhəmməd Balami 963–cü ildə farscaya çevirib yenidən işlədiyi “Tarixi Təbəri”də[q.2] Əbülmüəyyəd Əbu Muti Bəlxinin “Böyük Şahnaməsi”ndən sitatlar gətirir bu səbəbdən ehtimal ki, Əbülmüəyyəd Əcayib əd–dünya əsərini ahıl çağında ölümündən biraz əvvəl (miladi 976–cı ildən sonra) qələmə alıb və samani əmiri Nuh ibn Masura ithaf etmişdir[7]; Bütün hallarda hazırda əldə olan əlyazma siyahıları Əbülmüəyyəd Əbu Muti Bəlxinin əsərinin orjinalı deyil, çünki hazırki mətndə X əsr farscası üçün xarakterik olmayan bəzi ərəb sözlərinə rast gəlinir və əsərə 562/1166–1167 və 606/1210–1211–cı illərə aid hadisələr haqqında məlumatlar əlavə edilib[7].

Balaminin yenidən işlədiyi “Tarixi Təbəri”də, həmçinin digər farsca tarixi əsərlərdə: “Tarixi Sistan”, “Qabusnamə”, “Mücməl ət–təvarix” və “Tarixi Təbəristan”da Samanilər dövrünün məşhur alimi və yazıçısı olmuş və adına bir neçə böyük əsər çıxılan Əbülmüəyyəd Əbu Muti Bəlxinin “Şahnaməsin”dən sitatlar öz əksini tapmışdır.[8] L. P. Smirnova “Tarixi Sistan” əsərində Əbülmüəyyəd Əbu Muti Bəlxinin “Əcayib–i barr–u bəhr” əsərinə istinadən verilmiş bəzi məlumatların “Əcayib əd–dünya”nın bilinən üç əlyazmasında olmamasına dayanaraq hesab edir ki, Əbülmüəyyəd Əbu Muti Bəlxi Əcayib əd–dünyanın müəllifi yox sadəcə qaynaqlarından biri olmuşdur.[9] Ancaq N. D. Mikluxo–Maklay (rus. Николай Дмитриевич Миклухо–Маклай; d. 1915 – ö. 1975) hesab edirdi ki, əsər bu yeni şəkli ilə təqribən XIII əsrin 20–ci illərində, detallara varılarsa hicri 617/1220–1221 və 628/1230–1231–ci illər arasında tərtib edilib[10]: belə ki, əlyazmalarda türk–tatarların İraqa hücumunu müəllif (yeni tərtibçi) kitabı tərtib etdiyi vaxtla eynən hallandırır (tarixi də qeyd edir hicri 617–ci ildə) və yenə əlyazmalarda tərtibçi qeyd edir ki, artıq yüz on ildir ki, əvvəl müsəlman şəhəri olan Tiflis gürcülərin əlindədir[11]. Ancaq 1226–cı ildə Cəlaləddin Xarəzmşah Tiflisi gürcülərdən aldı, ondan isə Tiflis qalib olan Moğollara keçdi. Göründüyü kimi N. D. Mikluxa–Maklay siyahıların tərtibi vaxtını təxmin edərkən bunları nəzərə almışdır.[11] L. P. Smirnova Rusiyada, İngiltərədə və İranda olan və bu nəşr zamanı mətnin hazırlanması üçün istifadə etdiyi hər üç əlyazma haqqında təfsilatlı məlumat verib.[12] Biz onları qısaldacağıq: 

1) Rusiyada, Sankt–Peterburqda saxlanılan birinci siyahı iki hissəlidir və 142 vərəqdən ibarətdir, qüsurludur (ön söz və sairə itirilmişdir, bəzənsə coğrafi adların yeri boş saxlanılmışdır); Mikluxo–Maklay təxmin edirdi ki, siyahı XVII əsrin ikinci yarısında İranda hazırlanıb[13]. L. P. Smirnova Mikluxo–Maklayın bu fikirini mətnin xüsusiyyətlərinə və stilinə uyğun əsaslandırmağa çalışmışdır.[14]
2) İngiltərədə, Kembric Universitetində saxlanılır. Bu siyahı Tehran və Sankt–Peterburqdakı siyahılardan hardasa 2 əsr cavandır.[15]
3) Üçüncü siyahı İranda, Tehran şəhərində Məclis Kitabxanasında № 7503 şifrəsi altında saxlanılır, bu əlyazma əvvəllər Məhəmmədtağı Baharın şəxsi kolleksiyasında olub.[16] Əlyazma üzərində nə istinsah edənin adı nə də instinsah edilmə tarixi göstərilib, yazı xəttinə və kağızına əsasən əlyazmanın XVI əsrin sonunda ya da XVII əsrin əvvəllərində İranda hazırlandığını demək olar.[16]

Əsərin adı haqqında:

“Tarixi Sistan” əsərində Əbülmüəyyəd Əbu Muti Bəlxinin “Əcayib–i barr–u bəhr” adlı əsərindən dörd sitat verilib.[8] İngiltərədəki əlyazmanın girişində müəllifin Əbülmüəyyəd Əbu Muti Bəlxi olduğu göstərilib və əsərin adı “Əcayib əl–aşya” olaraq verilib.[17] İrandakı əlyazmada isə əsərin adı verilməyib ancaq əlyazmanın saxlanıldığı kitabxananın inventar kitabında əlyazmanın adı “Səfərnamə (Əcayib əd–dünya)” olaraq verilib və müəllifin adı Əbu Muti kimi göstərilib.[16]

Qeydlər: 1. Baxın: https://archive.is/eH3DN
2. Baxın: https://www.wdl.org/ru/item/6828/view/1/1/
İstinadlar: [1] Аджа’иб ад–дунйа 1993, стр. 10–13, 26.
[2] Аджа’иб ад–дунйа 1993, стр. 11. 
[3] Аджа’иб ад–дунйа 1993, стр. 9.
[4] Аджа’иб ад–дунйа 1993, стр. 10–12, 22.
[5] Аджа’иб ад–дунйа 1993, стр. 11–12.
[6] Аджа’иб ад–дунйа 1993, стр. 11, 13.
[7] Аджа’иб ад–дунйа 1993, стр. 13.
[8] Аджа’иб ад–дунйа 1993, стр. 23.
[9] Аджа’иб ад–дунйа 1993, стр. 23–24.
[10] Аджа’иб ад–дунйа 1993, стр. 26.
[11] Аджа’иб ад–дунйа 1993, стр. 27.
[12] Аджа’иб ад–дунйа 1993, стр. 14–22.
[13] Аджа’иб ад–дунйа 1993, стр. 14–15.
[14] Аджа’иб ад–дунйа 1993, стр. 15–17.
[15] Аджа’иб ад–дунйа 1993, стр. 21–22.
[16] Аджа’иб ад–дунйа 1993, стр. 18.
[17] Аджа’иб ад–дунйа 1993, стр. 17.
[18] Аджа’иб ад–дунйа 1993, стр
Ədəbiyyat:  Аджа’иб ад–дунйа (Чудеса мира). Критический текст, перевод с персидского, введение, комментарий и указатели Л. П. Смирновой; Ответственный редактор: А. А. Иванов; Редактор издательство: К. А. Геворкян; Отделение истории Института востоковедения РАН; Серия Памятники письменности Востока: LXXXIII. Москва: «Наука» Издательская фирма “Восточная литература”, 1993, 540 стр. ISBN 5-02-016984-6