R. Açaryan: erməni ləhcələrində türk iqtibaslarının sayı 4000-ə çatır (1926)

R. Açaryan: Türk və erməni dillərinin qarşılıqlı təsiri (Türk dilində edilən məruzənin qısa tərcüməsi)

1021-ci ildə türklər ilk dəfə Ermənistana qədəm qoydular və qısa bir müddət ərzində bütün ölkəni ələ keçirib, qərbə doğru irəlilədilər. O dövrdən indiyədək doqquz əsr ərzində ermənilərlə müxtəlif türk-tatar tayfaları (səlcuqlular, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar) yanaşı yaşamışlar. Bu birgəyaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrə səbəb oldu, lakin mən yalnız dil hadisələri üzərində dayanacağam.

Türk dilinin erməni dilinə təsiri çox böyükdür. Mən hələ 1902-ci ildə bu məsələyə geniş bir xüsusi tədqiqat həsr etmişəm (Eçmiədzindəki “Emins Etnoqrafiya Toplusu”nda çap edilib) və orada Konstantinopol, Van-Qarabağ və Naxçıvan-Don ləhcələrindəki bütün türk iqtibaslarını qeydə almışam. Belələrinin sayı 4000-ə çatır. Konstantinopol ədəbi türkcəsi ərəb və fars sözləri ilə dolu olduğu kimi, bir çox vilayətlərdə erməni xalq dili də türk sözləri ilə zəngindir. Bütövlükdə türk sözlərindən ibarət cümlələrə də rast olunur.

Bir dildən digərinə, adətən, bəzən yalnız sifətləri və çox nadir hallarda, felləri iqtibas edirlər. Saylar, həmçinin, bağlayıcılar və zərflər iqtibas olunmur. Lakin erməni dilində bütün bu elementlər eyni dərəcədə nüfuz edib. Bir çox sahələrdə 70, 80 və 90 türk formalarında çıxış edir. Rodostoda 69-dan 99-a qədər bütün rəqəmlər sırf türk rəqəmləridir.

Kiçik Asiyanın Qərb hissəsi, Kipr, Bolqarıstan, Şərqi Rumeli, Rumıniya, Bessarabiya da, həmçinin İran və Zaqafqaziyanın bəzi kəndlərində türk dilinin erməni dilinə təsiri o dərəcəyə çatmışdı ki, ermənilər öz doğma dillərini tamamilə itirmişdilər. Bu hadisə artıq bir neçə əsr bundan əvvəl baş vermişdi. 1530-cu ildən etibarən, Polşa erməniləri erməni dilini unudub, tatar dilini qavradılar və həmin dildə erməni əlifbasından istifadə edən bütöv bir ədəbiyyat yaratdılar. Hətta kilsə kitabları da tatar dilinə tərcümə edildi. Eyniylə, Kiçik Asiya və Konstantinopolda da ermənilər erməni yazısının köməyi ilə türk dilində zəngin ədəbiyyat yaratdılar. Türk əlifbaları həmişə qeyri-mükəmməl olduğundan və xalq dilinin bütün səs xüsusiyyətlərini dəqiq əks etdirə bilmədiyindən, erməni əlifbası isə belə bir üstünlük verdiyindən, təbii ki, erməni işarələri ilə yazılan bütün bu ədəbiyyat türk–tatar dilinin tarixinin tədqiqi üçün çox mühümdür. İqtibas olunmuş türk sözləri türk fonetik qanunlarının xronologiyasını müəyyənləşdirməyə imkan verir. Bu zaman erkən əsrlərdə türk-tatarların məişət və tarixini təsvir edən erməni yazıçılarında qalmış zəngin materialdan da istifadə etmək lazımdır.

İndi də mövzunun ikinci hissəsinə, erməni dilinin türk-tatar dilinə təsirinin aydınlaşdırılmasına keçirəm. Kopenhagen alimlərindən prof. Olqe Pedersen və Vyana alimi Krelits-Qrenfenqorst güman edirlər ki, türk–tatarlar bir qrup sözü ermənilərdən ən qədim dövrdə iqtibas ediblər, lakin mən burada bu [150] məsələyə toxunmayacağam. Mən sizin diqqətinizi daha sonrakı dövrlərin hadisələrinə cəlb edəcəyəm ki, bunlar müxtəlif türk-tatar şivələrində, əsasən Anadolu şivələrində qeydə alınır. Bu sözlərdən bir hissəsi ədəbi dilə keçib, qalanları isə xalq arasında yaşamaqdadır. Belə iqtibasların ümumi sayı 200-dür və onlar məzmuna görə 14 qrupa bölünür. Belə ki, əkinçilik, bitki aləmi, inşaat texnikası, ev əşyaları və qab-qacaq, sənətlər, mətbəx, heyvandarlıq, xəstəliklər, təqvimə aid sözlər, cürbəcür atalar sözləri, məsəllər, qarğış və alqışlar, ləqəblər və şərti-gizlin sözlər var. Bu sözlərin onların erməni dilindəki qarşılıqları ilə siyahısı ayrıca çapdan çıxacaq (gur alqışlar).

Mənbə: 1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər).  Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri: K. V. Nərimanoğlu, Ə. Ağakişiyev. Bakı: “Çinar-Çap” nəşriyyatı, 2006, s. 150-151.