Xaçatur Abovyan: bizim yeni dildə sözlərin yarısı türkcə …

Xaçatur Avetikoviç Abovyan (erm. Խաչատուր Ավետիքի Աբովյան/Xaçatur Avetiki Abovyan; doğulub 1809 – itkin düşüb 1848) — erməni yazıçı, yeni erməni ədəbiyyatının və yeni erməni ədəbi dilinin banisi (köhnəlmiş qrabar yerinə şərqi erməni dialekti əsasında), pedaqoq, etnoqraf idi. Onun əsas əsəri — “Ermənistanın yaraları: vətənpərvərin kədəri” (erm. Վերք Հայաստանի: Ողբ Հայրենասիրի; 1841, 1858-də nəşr edildi) adlı tarixi romanı — erməni danışıq dilində ilk dünyəvi romandır. Romanın rus dilinə tərcüməsi ilk dəfə [G. Muradyanın 1948-ci il tarixli ermənicə nəşrinə əsasən] məşhur rus şairi — Sergey Vasilyeviç Şervinskiy (d. 1892 – ö. 1991) tərəfindən həyata keçirilmişdir. Bu tərcümə [əldə etdiyimiz məlumatlara əsasən] 4 dəfə — 1948, 1955, 1971 və 1977-ci illərdə Ermənistan SSR dövlət nəşriyyatında işıq üzü görüb. Sitatların verilməsi üçün biz 1977-ci il nəşrindən yararlandıq:

Mənim sənə acığım tutmur, işığım mənim — bizim taleyimiz belədir. İndiyə kimi elə pis zamanə idi ki, insan yalnız sağ qalmağı, başını çiyinləri üzərində saxlamağı düşünürdü. Dilə qayğı göstərmək bir yana ! Elə buna görə də bizim yeni dildə sözlərin yarısı türkcə və ya farscadır.  Götürək elə türk dilini: türklərin özü bu dildə yazmır, yalnız danışırlar — özü də onlar bizdən nə qədər kobud və ədəbsizdilər ! Bununla bərabər xalqımız onların dilinin ləzzətini o qədər dadıb ki, mahnılar, nağıllar, zərb məsəllər — hamısı bizdə türkcədir, öz dilimizdə deyil — bu da ona görədir ki, vərdiş yaranıb. Türklərə basurman deyirlər, ancaq dillərini sevirlər — bu təəccüblü deyilmi !

İstinad: Abovyan X. A. Ermənistanın yaraları: vətənpərvərin  kədəri (tarixi roman). Erməni dilindən tərcümə edən: Sergey Şervinskiy; Ön söz və qeydlər: Pion Akopyan. İrəvan: “Sovetakan qrox” nəşriyyatı, 1977, s. 111–112.