Pyer Davit. Dünya və ya onun dörd tərəfinin ümumi təsviri; Kornel Lö Brən. Moskoviya, İran və Şərqi Hind adalarına səyahət (2006)

Title:Dünya və ya onun dörd tərəfinin ümumi təsviri; Moskoviya, İran və Şərqi Hind adalarına səyahət (iqtibaslar)
Author:Pyer Davit; Kornel Lö Brən
Translator:Fransız dilindən tərcümə edən və ön sözün müəllifi: Sayalı Əliyeva
Editor:Fərid Urxan oğlu Ələkbərli; Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Nurlan” NPM
Year:2006
Pages:89, 29
ISBN:
File:PDF, 13.4 MB
Download:Click here

Pyer Davit. Dünya və ya onun dörd tərəfinin ümumi təsviri; Kornel Lö Brən. Moskoviya, İran və Şərqi Hind adalarına səyahət (iqtibaslar). Fransız dilindən tərcümə edən və ön sözün müəllifi: S. Əliyeva; Redaktor: F. U. Ələkbərli. Bakı: “Nurlan” NPM, 2006, 89+29 s.

Annotasiya: Kitaba XVII-XVIII əsrlərdə Azərbaycanda olmuş fransız və holland səyyahlarının vətənimizlə bağlı qeydləri daxil edilmişdir.

Ön söz

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminli həm də tarixə, etnoqrafiyaya aid dəyərli elmi tədqiqatların müəllifidir. Bütün yaradıcılığı boyu Azərbaycan tarixini araşdırmış Çəmənzəminli bu barədə yazılmış, lakin çoxlarının bilmədiyi mənbələrdən də istifadə etmişdir. Bir çox xarici dilləri bilən yazıçı-alimin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan arxivində onun bir əlyazması da diqqəti cəlb edir. Əlyazma Çəmənzəminlinin 1923-cü ildə Paris kitabxanalarının birində fransız tarixçisi Pyer Davitin “Dünya və ya onun dörd tərəfinin ümumi təsviri” və holland səyyahı və rəssamı Kornel Lö Brənin “Моskoviya, İran və Şərqi Hind Adalarına səyahət” əsərlərindən götürdüyü qeydlərdən ibarətdir.

Pyer Davit 1573-cü ildə Fransanın Turnon şəhərində anadan olmuş və 1635-ci ildə vəfat etmişdir. Kral palatası tərəfindən zadəgan tituluna layiq görülmüş Davit müxtəlif sahələri əhatə edən bir sıra əsərlər yazmışdır. Onun Çəmənzəminlinin qeydlər götürdüyü “Dünya vә ya onun dörd tərəfinin ümumi təsviri” kitabı 1643-cü ildə Parisdə çap olunmuşdur.

Kitabın həcmi böyükdür. Çəmənzəminlinin karandaşla ümumi dəftərə köçürdüyü əlyazma isə 21 vərəqdən ibarətdir. İqtibas şəklində yazılmış qeydləri oxuyarkən aydın olur ki, Çəmənzəminli yazılanları ardıcıllıqla köçürməmişdir. Qeydlərdə əvvəlcə qədim Midiyanın tarixi haqqında məlumat verilir, buranın iqlimi, sərvətləri, inzibati-idarə sistemi, əhalisinin yaşayış tərzi, adət-ənənələri barədə söhbət açılır. Sonra “Midiya Atropati və ya Sirvan” və “Böyük Midiya, yaxud Adərbeyqan” başlıqlı yazılar gəlir. Kitabda Midiyanın iki hissəsi haqqında ayrı-ayrılıqda bəhs edən Davit Böyük Midiyanın şəhərləri — Təbriz, Ərdəbil, Salmas, Naxçıvan haqqında, eləcə də Midiya Atropatinin şəhərləri — Şamaxı, Bakı, Dərbənd, Ərəş və s. yerlərdən söhbət açır. Davit bütün bu yazılarında mənbə kimi antik müəlliflərdən Herodot, Ksenofont, Strabon və Diodora, öz müasirlərindən isə Oruc bəy Bayata, Tekseraya, Minadoiyə və başqalarına istinad etmişdir.

Oxucuların sərəncamına təqdim etdiyimiz bu kitaba Yusif Vəzir Çəmənzəminlinin fransız səyyahının kitabının orijinalından Azərbaycanla bağlı seçdiyi iqtibasların tərcüməsi daxil edilmişdir.

Yusif Vəzirin əlyazmasına daxil olan qeydlərin ikinci hissəsi Kornel Lö Brənin 1725-ci ildə Parisdə nəşr olunmuş əsərindən seçmələrdən ibarətdir. Həmin kitabın BDU şərqşünaslıq fakultəsinin kitabxanasında mühafizə olunan ilk nəşrindən (Amsterdam, 1718) məlum olur ki, Çəmənzəminli burada Azərbaycana aid məlumatların heç də hamısını qeydə almamışdır. Buna görə də biz bu kitabı nəşrə hazırlayarkən onun seçmədiyi həmin məlumatları da tərcümə etməyi münasib bilmişik. Fərqləndirmək üçün Çəmənzəminliyə məxsus olan qeydlər burada kursivlə verlilir.

Kornel Lö Brən 1652-ci ildə Haaqada anadan olmuş, təqribən 1726-cı ildə vəfat etmişdir.

İlk səyahətinə 1677-ci ildə başlayan Brən Kiçik Asiya, Misir, Fələstin, İtaliya və s. yerləri gəzmiş və nəhayət, 1697-ci ildə vətəninə qayıtmışdır. Beş il fasilədən sonra, 1701-ci ildə o, ikinci səyahətinə başlamış, yazılarından göründüyü kimi, bununla həyatını böyük təhlükə altına atmışdır. Səyahəti zamanı üzləşdiyi çətinliklərə, eləcə də təbiətin şıltaqlıqlarına məruz qalmasına baxmayaraq, Brən hər iki səfərindən çox razı qalmışdır.

1703-cü ildə Azərbaycana gələn Lö Brən səfərinə Niyazabad şəhərindən başlamış, sonra Dərbənd, Şamaxı, Bakı, Ərdəbil, Təbriz, Zəncan və başqa yerlərdə olmuş və səyahətini bir il sonra Niyazabad şəhri ilə də başa vurmuşdur. Getdiyi hər bir şəhərin, kəndin maraqlı yerlərinin rəsmini çəkən müəllif rast gəldiyi karvansaraların, türbələrin və digər tikililərin memarlıq üslublarından əfraflı söhbət açır, bu yerlərin iqlimi və tarixi, əhalinin məişət və adət-ənənələri və s. barədə məlumat verir.

Pyer Davitin və Kornel Lö Brənin əsərləri Azərbaycan tarixini öyrənmək baxımından maraqlı faktlarla zəngindir. Bununla yanaşı, həmin əsərlərdə bir sıra doğru olmayan məlumatlara və çoxsaylı təhriflərə də rast gəlirik. Məsələn, Lö Brən yazır ki, Dağıstanla həmsərhəd olan Dərbənt mahalı Gürcüstan və Çərkəzistanın kiçik bir əyalətidir. Əlbəttə ki, bu yanlış fikirdir. Əslində o zaman Dərbənt Azərbaycanın Şirvan əyalətinin bir hissəsi olmuşdur. Başqa yerdə müəllif iddia edir ki, guya Azərbaycanda rast gəldiyi qəbirlərdə ölmüş insanların külü basdırılıbmış. Halbuki müsəlman adətlərinə görə, cəsədin yandırılmadığı məlumdur.

Kitablarda olan bu kimi təhrif və səhvlərə baxmayaraq, burada bir çox qiymətli tarixi və etnoqrafik məlumatlara rast gəlirik. Buna görə də ümid etmək olar ki, oxucuların sərəncamına təqdim etdiyimiz bu kitabın nəşri Azərbaycan tarixini daha da dərindən araşdırmağa kömək edəcəkdir.

Sayalı Əliyeva

Keywords: Pierre Davity, Pierre d’Avity, Пьер Давити, Пьер д’Авити, Cornelis de Bruijn, Cornelis de Bruyn, Corneille le Brun, Корнелис де Брюйн.