Qədim salnaməmizi yazan Budaq Qəzvini: “Cəvahir əl-əxbar” əsərinin müəllifi

Uzaq Azərbaycan tarixinin öyrənilməsində istifadə olunan mənbələr arasında “Cəvahir əl-əxbar” adlı maraqlı bir əsər var. Azərbaycan tarixçisi Budaq Qəzvininin qələmə aldığı həmin əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır. Kitab 678 səhifədən ibarətdir. Əlyazmada olan kolofona görə öyrənmək olar ki, əsər 24 avqust 1576-cı ildə, yəni II Şah İsmayıl taxta çıxdıqdan üç gün sonra tamamlanmışdır.

Bu əlyazma barədə B.Dorn və İ. Petruşevski son dərəcə ümumi məlumat vermişlər. Əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd edirdi ki, əlyazma “yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək olar”.

Budaq Qəzvini bu əsərdə öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir.

“Cəvahir əl-əxbar” (“Xəbərlərin inciləri”) əsərinin müəllifi, tarixçi Budaq Qəzvini 1510-cu ildə Qəzvin şəhərində anadan olub.

O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, 14 yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuş, sonrakı ildə isə pulların saxlandığı dəftərxanada üç tümən maaşla işə götürülmüşdü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı Hacı Hüseyn Kaşi onu beş tümən maaş ilə öz yanına işə keçirir. Ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradılarkən isə Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə götürülür. Onun qardaşı Hacı İzzəddin isə həmin dəftərxananın rəisi idi. Budağın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi vəzifəsinə gətirir.

Məhəmməd xan üç ildən sonra qoşun kargüzarı vəzifəsini də Budağa tapşırır və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artır. Budağın özünün etiraf etdiyinə görə, o, “vəzir rütbəsinə doğru gedirdi”. Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı və qoşun kargüzarlığını başqasına verdiyi üçün Budaq Qəzvini Məhəmməd xandan inciyərək Kirmandakı xidmətindən imtina etdi.

Əzablı ömür yolu…

Bundan sonra əzablı günləri başlayan Budaq bir neçə il işsiz və ac qaldı, tez-tez yaşayış yerini, iş yeruni dəyişmək məcburiyyətində qaldı. Nəhayət, Qəzvində şahın qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaq təxminən orada 4 il qulluq etdi. Sonradan adı bir münaqişəyə qarışan Budaq, əmlakı müsadirə olunmaqla həbs edildi və yenə altı il işsiz qaldı.

Sonralar Soucbulakın və başqa şəhərlərin kələntərliyi bəxşiş edilən Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə çalışdı. 1565-ci ildə Qəzvinə qayıdan Budaq yenidən həbs edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş ildən sonra isə o, şah tərəfindən yenidən işə qəbul edildi və ona Qəzvin şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi tapşırdılar.

Budağın qələmə aldığı bioqrafiyası belə bir şikayətlə bitir ki, o, artıq 68 yaşına yetməsinə baxmayaraq, yenə də “müsibətlər məngənəsindəən yaxa qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz” qalmaqdadır.

“Cəvahir əl-əxbar” əsərində müəllif bir çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə, onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli yaxşılaşdığını göstərir.

“Cəvahir əl-əxbar” ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki nümayəndəsinə – I İsmayıla və I Təhmasibə həsr olunmuşdur.

Həmin əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.

Qəzvininin dövlət “sirləri”

Əsərdə I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır. Onun hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər mənbələrdə deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941-ci (1534-1535) ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir. Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş, maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisteminə yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq doğurur.

“Cəvahir əl-əxbar” əsərinin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.

Budaq Qəzvini yazır ki, şah Təhmasib üçün 1537-ci ildə məxsusi köçürülmüş “Şahnamə”nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri düz 30 il işləmişdilər. Köçürülməsi və illüstrasiyası üçün 5-10, hətta 20-30 il lazım gələn əlyazmaları haqda başqa orta əsr müəlliflərinin də əsərlərində qeyd olunur. Beləliklə, Şah Təhmasibin vaxtında hazırlanan bəzi əlyazmaları üzərində iş hələ Şah İsmayılın vaxtında başlamışdı. Bu isə o deməkdir ki, həmin əlyazmalar üzərində iş Behzad Təbrizə gəlməmiş başlanıb.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

Azadlıq.- 2013.- 30 aprel.- S.14.

Qaynaq: anl.az