Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi – Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər – oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

MOSKVA YOLLARINDA

1920 sənəsinin qış ibtidaları idi. Bizi Bakıdakı Osobı otdeldən (Ğ.P.U-nun əskəri qismi) çıxardılar. Moskvaya götürüyorlardı. Sabiqdə imperator xanədanına aid olub da şimdi Lenin xanədanına mənsub Stalinə verilmiş olan “salon vağon”a zəbt edilmiş xüsusi bir vaqona gətirildik. Bu o zaman Bakıya ziyarətə gəlmiş olan Stalinin bizə qarşı göstərdigi bir “iltifat” idi. Bizi, Rəsulzadə Məhəmməd Emin bəylə bəni Stalin kəndi nəzarəti altında Moskvaya sürməgi daha müvafiq bulmuşdu. Nə isə buna da təşəkkür etməliydi. Başqa türlü də ola bilirdi ya!

Stalinin “salon vağonuna” bir yemək salonu, bir ərzaq vağonu, bir müafizə qitəsi vağonu, bir mətbəx bağlanmışdı.

Kanuni-əvvəl (dekabr) ibtidalarında Bakıdan hərəkət etdik. Yolda mütamadiyən Azərbaycandan Rusiyaya yük dolusu vağonlar keçiyordu. Bunlar Bakının ticarət depolarında, anbarlarda, mağaza və ticarətxanələrdə, gömrük və stansyonlarda, hətta xüsusi evlərdə olan petrol, qaz, benzin, yun, şəkər, əşya, buğda, yağ, pirinç, kumaş, hətta məktəb skamyalarına qədər olan şeylərdi. Həpsi “Leninə qızıl hədiyyə” olaraq Bakı “proletarı” tərəfindən göndərilməkdə idi.

Bunlara müqabil Rusiyadan Azərbaycana qatarlar dolusu rus əskəri gəlib keçiyordu. Hər stasyonda Stalinin salon vağonuna ərzaq alınmaqda idi.

Məmləkət aclıqdan gəbərməkdə ikən, Stalinin sayəsində biz nazu-nemət içərisində Moskvaya doğru yürüyoruz. Anbarımızda hər növi yeməli olduğu kibi ən əla Qafqasiya şərabları, konyakları da məbzul idi.

Gürcü olduğu üçün Stalin çox sevdigi şərabın ən gözəllərini qullanmaqdadır.

Rostov stansyonunda Stalinə bu qədər əskərin Qafqasiyaya neçün getdiginin səbəbini sordum.

– Bunlar, dedi, Gürcüstanı burjuaların pəncəsindən xilas etmək üçün gediyorlar.

Bən güldüm. Səbəbini sordu. Ona İran şairi Sədidən şunu anlatdım:

– Bir çoban bir qoyunu qurdun əlindən qurtarmış, fəqət evinə götürdükdən sonra başını kəsmiş. Qoyunun ruhu çobana gözükərək demiş ki:

– Sən bəni qurdun pəncəsindən qurtardın amma kəndin bənim qurdum oldun.

Və əlavə etdim ki:

– Azərbaycan göz önündə… Bu götürülməkdə olan mallara müqabil Azərbaycana bir kuruş belə vermiyorsunuz. Halbuki, Avropa burjuası aldığı hər şeyə müqabil para veriyor. Siz Gürcüstanı da boylə mi qurtaracaqsınız?

Güldü, dedi ki:

– Batumsuz Bakı heç bir işə yaramaz. Biz Ağ dənizə yol açmaq üçün mütləqa Qara dənizə çıxmalıyız.

– Ağ dənizə çıxmaq üçün daha iləri getmək lazım gələcək qaliba.

Dedim.

Yenə güldü:

– Yox, dedi, o qədər iləri getməyiz.

Bakıdan Moskvaya tam 15 gündə getmişdik.

lll

Moskvada bir ay qaldıqdan sonra yenə Azərbaycana dönüyordum. Bu dəfə Qafqasiyadakı rus qızıl orduları baş müfəttişi Serğo Orcenikidzenin xüsusi vaqonundayız.

Bunun vağonunda Moskvada vuqu bulan bir komunist konqresindən Bakıya dönməkdə olan Nəriman Nərimanov və bir çox Azərbaycan komunistləri dəxi vardı. Serğo, bu 1905-1906 sənələrindən tanıdığım, Bakı ətrafında hətta İranda bərabərcə ixtilal hərəkatlarında iştirak etdigimiz bu Serğo şimdi kosmopolit, rus süngüsünə dayanan bir kommunistdir. Halbuki, o zaman bizi dost və hətta arkadaş edən rusluğa, rus hakimiyyətinə, rus süngüsünə və Rusiyaya qarşı olan müştərək duyğularımız idi. İkimiz də Qafqasiyanın oğlu idik. O gürcü, bən Azəri. Və biz Qafqasyayı Rusiyanın əsarətindən qurtarmaq üçün çarpışıyorduq.

Fəqət, şimdi Stalinin sağ əli olan Serğo, yalnız çar Nikolay ilə çarpışıyormuş. Və Nikolay ordularının çegnədigi Azərbaycanı bu dəfə çeynəməkdə olan qızıl rusların başında Serğo duruyor. 1920 sənəsi Mayıs və Həziran üsyanlarında Gəncəni qanına qəltan edən bu qızıl ordu eynən 1804 sənəsində ki, rus məzalimini təkrarlamışdı. Tühəfdir, o zaman dəxi Cavad xanın Gəncəsinə qarşı hərb edən ruslara Serğo kibi ruslaşmış bir gürcü, knyaz Sisyanov komanda etməkdə idi.

Moskvadan Bakıya 12 gündə gəldik və bu 12 gün Serğo ilə münaqişədə keçdi. Bən siyasi nöqteyi nəzərlərimi şəra və müdafiə ediyordum.

Bir gün münaqişəmizə Nərimanov dəxi qarışdı. Bən Azərbaycan sovet hökumətinin rəisi sifətilə Nərimanın məmləkətimizdə davam edən qarət, talan və qətliamlara nasıl müsaidə etdigini sordum.

Nəriman nə cavab versə bəgənirsiniz?

Dedi ki:

– Nə yapayım, bəni dinləyən yoxdur.

Serğo Orcenikidze buna qızdı.

– Nasıl dinləməzlər, dedi, bir məmləkətin rəisi sifətilə bunu açıqcasına tələb edə bilsin.

Nəriman cavab olaraq dedi ki:

– Öylə yaparkən də Azərbaycanda olan bəzi qüvvətlərin başlarına başqa türlü fikirlər gəliyor… (rus ağalara işarət)

Orcenikidzenin o zaman Nərimana verdigi cavabı heç unutmam:

– Hayır, yoldaş Nəriman, bu sözlərlə kəndini məsuliyyətdən qurtaramazsan. Sözləri dinlənmiyən bir rəisi hökumət, məmləkətinin fəlakətinə iştirak etməmək və məsuliyyətdən qurtarmaq üçün, istefa verir, işdən çəkilir.

Dedi.

Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə eylədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı.

Və bunları yaparkən həp qəlbdən “müztərib olduğunu” söylədi. Fəqət istefa vermədi. Çünkü xəstə idi. Mövqe, sandalya xəstəsi idi.

Dəmirçi oğlu

“Odlu-Yurd”, 27 nisan 1931, № 2(27)

Məbzul – bol, bağışlanmış
Tühəf – misli bərabəri olmayan, heyrət
Şəra – qayda-qanunla
Müztərib – iztirab çəkən

Qeyd: Yazının müəllifi M.Ə.Rəsulzadənin əmisi oğlu, onunla bərabər Moskvaya aparılan Məmməd Əli Rəsulzadədir (1882 Novxanı – 1982 İstanbul). Ş.H.

KEÇMİŞ OLSUN!

Cənubi İran üsyanının yatışdırılması münasibətilə

Əfqanıstan irticainin qara müzəffəriyyətindən sonra Cənubi İranda zühur edən Qaşqai üsyanı İrandakı Şah Pəhləvi həzrətlərinin təşəbbüs etdigi islahat hərəkatını səmimi bir təvəccöhlə təqib edən bütün Şərq hürriyyətpərvərləri kibi, bizi də əndişəyə düşürmüşdü.

Cənubi İranın sadə yeganə türk əşirətini təşkil edən Qaşqai elini degil, eyni zamanda Lor, Bəxtiyari, Zor, Fars, Derşuli kibi, Fars və Xuzistan kibi ərəb əşirətlərilə bərabər, Şirazın bir növü “yarım Allahı” olub, ötədən bəri Fars vilayətinin hökumətini kəndi ailələri əlində tutan Qəvamilərin də bu “suriş”də rolları olduğunu nəzərə alırsaq, bu hadisədə milli bir hərəkət və ya əklsüləməl mənası aramaq əsassız olur. Zatən bu dəfə cənubda təsviyə edilən bu hərəkatın Pəhləvi rejiminin bundan əvvəl Şimali İranda, Kürdüstanda, Loristanda və Belucistan hüdudunda təsviyə və tənkil etdigi hərəkatlardan fərqi yoxdur. Bütün bu hərəkatlar isə feodalitenin təmərküz etməkdə bulunan dövlətə qarşı üsyan və müqavimətindən ibarətdir. Bu müqavimət Türkiyədə və Əfqanıstanda olduğu kibi, eyni zamanda irtica təmsil ilə geri fikirlərə istinad və əsgimiş müəssisələri idealizə edər.

Bu hərəkatın Türkiyədəki müməssili Şeyx Seid Cümhuriyyətin qahir qüvvətilə təpələndi və türk radiqalizmi bir həmlədə irticanın 7 başlı əjdahasını öldürmüş oldu. Türkiyədə məğlub olan bu qara qüvvət Əfqanıstandakı müsaid şəraitdən bilistifadə mənəvi bir vəhdət halında olan Şərq radikalizminə böyük bir dərbə endirmək imkanını buldu. Əfqanıstan hadisələrindən sonra Cənubi İranda zühur edən üsyan, ortaya atdığı tələblərilə irticai bir qüvvət olduğu haqqında şübhə buraxmıyordu. Hərəkatın başına keçmiş bulunan Əli xanı Beççəyi Sakka ilə müqayisə ediyorlardı. Ümumi əskər tutmanın, Avropa tərzində geyinmənin, ədliyyə təşkilatındakı islahatın, xürafata qarşı açılan mücadilənin tətbiqatından mütəəssir olan mollalarla, feodallar və bunların təsiri altında qalan bəsirət və ürfandan məhrum mütəəssib zümrələr Əli xanın şəxsində “İrana müsəllət olan bidata qarşı cidal açmış bir qəhrəman” görüyor, 5 vaxt namaz üstündə onun müzəffəriyyəti üçün dua ediyorlardı.

Pəhləvi həzrətlərinin, Əmanüllah xandan fərqli olaraq şəniyətləri ölçərək, ehtiyatla hərəkət edən metodu, bu dəfə də kəndisinə yardım etdi və nisbətən az bir müddətdə mürtəceləri sevindirən bu üsyan, çox qan tökməgə fürsət verilmədən, təsviyə edilmiş oldu. Şu surətlə yapılan təsviyənin radikal olmadığını söyləyənlər vardır. Çünki asilər tamamilə silahdan təcrid edilməmişlərmiş və boylə qaldıqca günün birində yenə baş qaldıra bilərlərmiş.

Şübhəsiz tərəqqi və əsrilik yolunda olan bugünkü İranın, İran hürriyyətpərvərlərinin ötədən bəri bəslədikləri idealı tamamilə tətbiq etmək daha bir çox zamana və fədakarlıqlara bağlıdır. İran dövlətçiligi feodalizmi tamamilə ilğa etmək və orta zaman müəssisələrini kökündən yıxmaq üçün şübhəsiz daha çox əmək sərf edəcəkdir. Fəqət son zəfəri təmin üçün əzimlə yürüyən “pəhləvizm” kəndi metoduna ki, bir növü ənənəvi İran metodu deməkdir – sadiq qalaraq ehtiyatlıca hərəkət ilə bərabər şübhəsiz, müzəffər olacaqdır.

Onun bu zəfərini təmənni etmək, Şərqdəki demokrasi və hürriyyət hərəkatının müştərək mənfəətlərə malik olduğuna qane olan bizlərə fərzdir.

Qaşqayi elinin mənşə etibarilə türk olduğunu görüb də, Cənub üsyanının feodalizm irticai şüarları ilə hərəkətdə bulunduğunu ehmal etməgə gəlməz!..

Molla-feodal-köçəbə etilafından mürəkkəb Qaşqai üsyanının zəfəri yalnız İran üçün degil, bütün Şərq üçün bir fəlakət olurdu, netəkim Şeyx Said hadisəsi də bu mahiyyətdə idi.

Buna görədir ki, “Cənub üsyanı”nın önünə keçilməsi münasibətilə yalnız İranlı hürriyyətçilərə degil, bütün Şərq liberallarına, kəmali-səmimiyyətlə keçmiş olsun deriz!..

M.E.Rəsulzadə

“Odlu-Yurd”, Birinci təşrin (oktyabr) 1929, № 8

Qahir – üstün gələn, qalib
Şəni – pis, xəbis

ŞAİR Ə.CAVAD HAQQINDA

Bolşevik mətbuatı Azərbaycanın milli şairi Ə.Cavad bəyə qarşı şiddətli bir provakasyon səfəri açmışlardır. Səfərin mövzuu “Milli Azərbaycan Nəşriyatı” seriyasından olub İstanbulda nəşr olunan “İstiqlal uğrunda” nam şeirlər məcmuəsində Ə.Cavadın dəxi bəzi şeirlərinin dərc edilmiş olmasıdır. Sırf çekistcə vuqu bulan təərrüzlərə qarşı şair “İstiqlal uğrunda” məcmuəsinə keçən şeirlərin nəşrindən nə nəşr ediləcəgindən qətiyyən xəbərdar olmadığını “Komunist” qəzetəsinə verdigi bir “protesto” ilə izah eyləmişdir.

“İstiqlal uğrunda” nam məcmuədəki Ə.Cavad bəyə aid şeirlər bolşeviklərin Azərbaycanı istila etdiklərindən daha əvvəl təb və nəşr edilmiş əsərlərindən iqtibas edilmiş parçalardır ki, məzkur məcmuədə məxəz olaraq bu əsərlər dəxi göstərilmişdir. Nə Sovetlər İttihadında, nə də Türkiyədə beynəlmiləl həqqi təlif qanunu tətbiq olunmadığından, bu mətbu parçaları nəql edərkən “Milli Azərbaycan Nəşriyatı” bu xüsusda sahibinə sormaya qətiyyən lüzum hiss etməmişdir.

Bolşeviklərin bəzi qanunları məqəblinə təşmil etdiklərini “adət etməyənlər”ə aid yenicə nəşr olunan qanun misalında gördiksə də Orta Zaman vəhşətini xatırladan bu üsulun bolşeviklərdən əvvəl təşmil ediləcəgini xatiri-xəyaldan keçirməzdik.

Xatiri-xəyala gəlmədik daha nə vəhşətlər varmış!…

“Odlu-Yurd”, birinci qanun 1929, № 10

Təlif – kitab tərtib etmə

MƏTBUAT VƏ KİTABİYYAT

“Cümhuriyyət”in bir məqaləsi

Baş mühərriri məbus Yunus Nadi bəyin imzasilə 23 eylul tarixli nüsxəsində nəşr elədigi baş məqaləsini “Cümhuriyyət” qəzetəsi “Türkiyə xaricindəki türklər”ə təxsis eyləmişdir.

Məqalənin bəhs etdigi mövzu əsasən günün aktual məsələsini təşkil edən Trakya türklərinin Yunan idarəsindən gördükləri təzyiq və həqarətdir. Bu həqarətdən və zülmdən bəhs edərkən “Cümhuriyyət” şayani təqdir və yunan üçün mövcubi-təmənni əsaslı nöqteyi-nəzər sərd ediyor, diyor ki:

– “Türkiyə xaricindəki türklərin həyatları ilə yaxından və uzaqdan əlaqədar olmaqdan varəstə bulunmayacağımız çox açıq bir hesabdır. Bu açıq hesabın dostluq və düşmənlik tərəzisində xatiri sayılacaq qədər ağır bir siqlət təşkil etməkdən xali qalmıyacağını dosta və düşmənə açıqca elan etməkdə etiqadımızca Türk əxlaqına çox yaqışan mərdanə bir hərəkət olur”.

Qəzetə fransızlarla əqd olunan Suriya sülhündə İskəndərun və həvalisi türkləri üçün təmininə əhəmiyyət verilən hüququn bu təbii hissiyyata mülhəm olduğunu və “Şərqi Trakya türkləri” üzərinə dəxi qəlblərin bu hissiyyatilə titrədigini qeydilə hər bir türkün kəndisini hüdud xaricində qalan türkləri zülümdən qurtarmaq üçün kəndisini fədaya hazır olduğunu pək hissi cümlələrlə təsbit ediyor.

Bu nöqteyi-nəzərini pək haqlı bir taqım müqayisələrlə təyid etdikdən sonra qəzetə diyor ki:

“Ortada onları (yəni hüdud xaricindəki türkləri) bihüzur edən münasibətsiz işlər yoxsa bizim onlarla məşğul olduğumuz belə görülməz. Misal: iştə Kıprıs idarəsi və Kıprıs türkləri. Kıprıstə ingilis idarəsi hər kəs haqqında səyyanən cari bir ədalət təsis etmişdir. Kıprısda kimsənin idarədən və qanunun tətbiqatından şikayət etdigini eşitmiyoruz. Bilnəticə ortada Kıprıs türklərinin vəziyyəti deyə bir məsələdə də yoxdur”.

Müsbət Kıprıs misalından sonra qəzetə məqaləsinin sonunda eyni mövzua təəlluq edən mənfi misal olmaq üzrə də Rusiyayı alaraq əzcümlə şu sözləri söylüyor:

“…Pək dostumuz olan qonşumuz Rusiyada türklərin yer-yer sıxıntı çəkməkdə olduqlarına dair eşitdigimiz xəbərlərdən mütəəssir olduğumuzu da saxlamayacağız. Bu təəssürümüzün izharı hər hanki bir dövlətin daxili işlərinə müdaxilə fikrindən tamamən ayrı müstəqil bir məsələdir. Hər dövlətin daxili idarəsində hürriyyət və istiqlalına deyəcəgimiz tək kəlmə dəxi yoxdur. Fəqət arkadaşlarımızın zülüm və işkəncə görmələri müvacibəsində hiss etdigimiz təəssürdən dolayı da bizə etiraz edəcək heç bir dövlət fərz və qəbul edəməyiz”.

“Cümhuriyyət”in bu sözləri bir az əvvəl “Komunizm münaqişəsi” münasibətilə yazdığı bir məqaləsini təshih etmiş oluyor.

“Odlu-Yurd”, birinci təşrin 1929, № 8

Bir il dönümü

26 avqustos 1859 Qafqasiya dağlıları üçün ələmli və qara bir gündür. Çünki Qafqasiya dağlıları kəndi istiqlalları uğrunda Rusiya imperializminə qarşı açdıqları cidalə bu gün xitam vermiş və mücahid İmam Şamildə mücadilə səhnəsindən çəkilməgə məcbur olmuşdur.

Slav knyazlarının Şimali Qafqasiyaya yapdıqları axın IX əsr Svyatoslav zamanından başlar. Bu və bunu mütaqib axınlara qarşı dağlılar müqavimət etmiş və slavları Şimala çəkilməgə məcbur etmişdir. Fəqət zaman keçdikcə Moskva Qafqasiya ilə bilxassə təqribən 4 əsr əvvəl çar IV İvan zamanında əlaqədar olmağa başlamışdır. Çar Feodor zamanında ruslar Dağıstana hücum yapmış və bir şəhər almağa müvəffəq olmuşlarsa da 1604-də dağlılar rus ordusuna böyük bir zərbə endirmiş və rusları Dağıstan və Şimali Qafqasiyayı tərk etməyə məcbur etmişdir. Bu qəti zərbə nəticəsində Dağıstan 118 sənə, yəni 1604-dən 1722-yə qədər rus izi görməmişdir. 1722 sənələrində çar I Petro artıq Qafqasiyaya və İrana xüsusi diqqət ətf etməyə başlamışdı. İştə bunun nəticəsində böyük bir axın yapılaraq Dərbənd, Bakı, Mazandaran-Astarabad və Gilan ruslar tərəfindən işğal edildi. Bu sıralarda Qafqasiya təhdid altında bulunuyordu. Fəqət bu dəfə də Dağlılar rus ordusuna qarşı qoymuş və 1735-də rus qüvvətini hüduddan ötəyə atmışlardır.

XVIII əsrin ortalarında artıq Rusiya, Şimali Qafqasiya üzərinə müntəzəmən hücuma keçiyor və dövlət miqyasında olan bu cidal, təqribən 100 sənə davam etdikdən sonra dağlıların məğlubiyyətilə 26 avğustos 1859-da xitam buluyor. Bu dövrdə Dağıstan dövlət həyatını idarə və mücadilə başında bir çox əfsanə və məsalların vücuduna səbəbiyyət verən İmam Şamil bulunuyorlardı.

“Qafqasiya dağlıları” məcmuəsi 70-ci ilini tamamlayan bu tarixə təxsis etdigi baş məqaləsində bu günün acı xatirələrini qeyd ediyor və bu gün qızıl Rusiya əsarətində bulunan məmləkətlərinin istixlası və bu yolda yürüdülən istiqlal mücadiləsinə Avropa Əfkari-Ümumiyyəsi və Cəmiyyəti Əqvamın nəzəri-diqqətini cəlblə məqaləyi şu parça ilə bitiriyor. “Dağlılar! Əcdadımızın qəhrəmanca yürütdükləri və bizə miras olaraq buraxdıqları mücadiləyi qalibiyyətlə bitirmək zamanı yaklaşmışdır. Bu mücadilədə “Böyük İmam”ın şu sözünü unutmayalım: “Halımız mazidən, atimiz də haldan parlaq olmalıdır”!

“Odlu-Yurd”, birinci təşrin 1929, № 8

Təxsis – həsr etmə
Varəstə – xilas olmuş, azad

BOLŞEVİK MƏTBUATINDA TÜRKİYƏ

Keçən nüsxələrimizdə dəxi qeyd etdigimiz vəchilə Sovet hökuməti Bakı və Tiflis mətbuatı vasitəsilə müasir Türkiyə haqqında sistematik bir surətdə tənqidi məqalələr yazmaqda və bu günkü rejimin əleyhində bulunmaqdadır. Son gələn Bakı qəzetələri dəxi bu sistematik tənqidi bütün çıplaqlığı ilə göstərməkdədir. “Komunist” qəzetəsinə (28.I № 22.1930) “Bir faciənin il dönümü” ünvanı altında E.E. imzası ilə yazılmış bir məqalədə bolşevik mühərriri bundan 8 sənə əvvəl öldürülmüş Türkiyə komunistlərindən Mustafa Sübhi və Edhəm Nijadın ölümünü xatırladaraq bu qətil tarixinin Türkiyə burjuazisi qudurğanlığını yad etdiginə işarət ediyor və diyor ki: “Mustafa Kamal Paşanın aldadıcı dəvətilə Türkiyəyə çağrılan Mustafa Sübhi və arkadaşlarını Qara dənizdə öldürənlər və Qara dənizin qara dalğalarına atanlar yalnız Trabzon burjuazisi degildi. Kars, Ərzurum, Trabzon və Ankara arasında təşəkkül edən cinayət şəbəkəsi doğurdan doğruya Ankaranın rəhbərliyi ilə işlənməkdə idi. Əmri Ankara vermişdi. Cinayəti Trabzon burjuazisinin qanlı əlləri işləmişdi. Mustafa Sübhi və arkadaşlarının Türkiyədəki fəaliyyətlərindən uzun uzadiyə bəhs etdikdən sonra bolşevik mühərriri Sovet hökumətini kəndisinə dost, Komunist İnternasyonalını düşmən bilən və bu surətlə ancaq kəndi kəndini aldatmaya yaramayacaq bir siyasətlə hərəkət edən Türkiyə burjuazisinin Mustafa Sübhi faciəsindən tamamilə məsul olduğunu qeyd ediyor və “Bu məsuliyyət dolayısilə də Türkiyə burjuazisi Türkiyədə hər türlü inqilabi hərəkatı boğmaqda, inqilabçıları həbs etməkdə və engizsyon işgəncələri tətbiq etməkdə istical göstəriyor. Fəqət şəraitin hazırladığı və verdigi imkanlara mane olmamaq kibi təbii bir vəziyyət Türkiyə əməkçiləri arasında komunizm inkişafına yardım ediyor” kibi səfsətələr və provakasyonlar söyləməkdən çəkinmiyor.

Türkiyəyi dəxi kəndilərinin yuvarlandığı uçurum içərisində görmək hüzur və rifah içərisində yaşayan Türkiyə xalqını dəxi bulunduqları səfil vəziyyətə soxmaq istəyən bolşevik mühərriri Mustafa Sübhi “faciə”sində iştirak edənlərin bilaxirə yekdigərini öldürtdüklərinə işarət ediyor və əlavə ediyor ki: “Bu ölənlərdən sonra sağ qalanların dəxi yıxıldıqlarını və tamamilə iflas edəcəkləri günü də Türkiyə əməkçiləri görəcəklərdir. Buna ən böyük həqiqətlərə inandığımız kibi inanmaqdayız”.

lll

Türkiyə əleyhinə mütəvəcceh bulunan bu hərəkatın ikinci bir həmləsinə eyni “Komunist” qəzetəsinin başqa bir nüsxəsində dəxi təsadüf etməkdəyiz. “Mus-Mus” ünvanı altında və İskəndər imzası ilə yazılmış olan bu uzun məqalədə (“Komunist”, № 47, 27.2.1930) bolşevik mühərriri Türkiyə ilə İtaliya rejimini müqayisə etməkdədir. Bolşevik mühərririnə görə Kamalçılar burjuazisi kəndi inqilabi müvəffəqiyyətlərini yavaş-yavaş Avropa dövlətlərinə təslim etməkdədir. Musulun sülhlə İngiltərəyə verilməsi, Osmanlı borclarının qəbul edilməsi, İtaliyaya bir çox imtiyazların verilməsi haqqındakı müqavilələr, İngiltərə və Fransa ilə yapılan dostluq, İngiltərə hərbi gəmilərinin Türkiyə sularına gəlməsi bolşevik ajanına görə həp Qərbi Avropa ilə uzlaşmaq və iqtisadən Avropa kapitalı əlində siyasi bir əsarətə düşməkmiş.

Türkiyədəki komunizm hərəkatına təmas edən məqalə sahibi diyor ki: “Hakim olan Kamalçı sinifi çoxdan bəri gizli çalışmağa məcbur edilmiş Komunist firqəsini eşidilməmiş bir təzyiq altına almışdır. Fəqət bununla bərabər Komunist firqəsi Türkiyə əməkçiləri gözündə yeganə inqilabi pişdar hesab olunuyor”.

Sözlərini təyid etmək və Türkiyə haqqındakı keyfi və müxasim fikrini təqviyə məqsədilə bolşevik mühərriri peyğəmbəri Stalinin Türkiyə inqilabı haqqında söyləmiş olduğu fikirləri zikr ediyor və diyor ki: “Stalinin dedikləri şimdi həqiqət olmağa başlıyor. Stalin demişdi ki, Kamalçılar inqilabı imperyalistlərlə mücadilə nəticəsində vücuda gələn milli ticarət burjuazisi inqilabıdır. Bu hərəkat istiqbalda mahiyyət etibarilə köylü və əmələlərə qarşı və ən nəhayət ərazi inqilabı yaradılması imkanına qarşı olacaqdır”.

Bütün bu provakasyon mahiyyətindəki fikirlərini bəyan etdikdən sonra mühərrir əsil məsələyə – yəni bir müddət əvvəl Leyipsikdə Dr. Bəsri Gültəkin bəy tərəfindən fransızca olaraq yazılmış “Türkiyə sülhü və onun tarixi rolu” ünvanlı kitabının təhlil və tənqidinə keçiyor. Hər şeydən əvvəl şunu qeyd edəlim ki, bolşevik mühərriri məzkur kitabın Mustafa Kamal Paşa və Benito Musoliniyə ithaf edilməsindən son dərəcə sinirlənmiş və ötkələnmişdir.

Bəsri Gültəkin bəyin sırf bir milli nöqteyi-nəzərlə izah etdigi vaqeələri və Türkiyənin gərək şimdiki vəziyyəti və gərəksə istiqbalı haqqındakı mülahizələrini xoş görməyən və bu milli nöqteyi-nəzərə “imperyalistcə görüş” kibi baxan bolşevik mühərriri ən fəzlə əlyövm bolşevizm əsarəti altında bulunan türk xalqlarının vəziyyəti və Türkiyə-Sovet münasibəti haqqındakı mülahizələrinə qızıyor. Gültəkin bəy Sovet-Türkiyə münasibətinə təmas edərkən şöylə diyormuş: “Sovet-Türkiyə dostluq münasibatının gələcəgi bütün Türkiyə Cümhuriyyətlərinin – Azərbaycandan başlamış Çin Türkistanına qədər – Moskvadan azad edilməsindən asılıdır” (Moskvadan, daha doğrusu bolşevizmdən). Məzkur parçayı vəsilə ittixaz edərək bu gün qiyməti-həyatiyyəsini qeyb etmiş bulunan panturanizm ideyasının və imperyalistcə niyyətlərini daha Türkiyədə mövcud olduğunu iddia edən bolşevik mühərriri son söz olaraq əlavə ediyor ki: “Biz təkrar ediyoruz ki, müasir Mustafa Kamal Türkiyəsi və Mussolini İtaliyası bir-birinin eynidir. Şunu əlavə edəlim ki, dünya kapitalizminin arxasınca gedən Kamalçılar Türkiyəsi başçılarının faşizm üsulu və imperyalizm xülyaları şübhəsizdir. Bu açıq və aydın faktı görmək istəməyən bəzi müdəqqiqlərimizə qarşı mücadilə yapmak sırası gəlmişdir”.

İştə dostluq pərdəsi arxasında min bir provakasyon və intiriqalar yapmaya çalışan bolşeviklərin Türkiyə əleyhinə mütəvəcceh fəaliyyətlərindən bir parça!

A.T.

“Odlu Yurd”, 27 nisan 1930, №14

Qeyd: Məncə bu, A.T. Abdulla Battal Taymasdır (Tatarstanın Samara şəhərində anadan olub. Dil, ədəbiyyat və tarix sahəsində mütəxəssis. “Odlu-Yurd”da “Beynəlmiləl həyatan” rubrikası ilə xeyli məqaləsi dərc olunub).

Mütəvəcceh – istiqamətlənən
Müxasim – düşmənçilk

QIZIL İSTİLA

İstiqlal o sönməyən məhəbbət bir məsələ,
Gönüllərdə tutuşur, gözlərdə sönsə belə!

Gültəkin

Şimalın qudurmuş qan və vəhşət dalğası 27 nisanda Türkün mübarək və məmur yurdlarından birisini daha istila etmişdi…

Bağrında əsirlərin söndürəmədigi müqəddəs atəşi saxlayan Odlu Yurdun hərimi ismətinə də yenidən qaba rus çizməsi soxulmuş və milli imanla qəlbləri tutuşmuş olan Azəri Türk övladlarının da köksləri yenidən qanla Moskov süngüsilə parçalanmışdı.

Əsirlərin şahid olduğu moskovların Türklügə qarşı yürümələri artıq yeni bir rəng, yeni bir üsulla, fəqət daha böyük vəhşətlə Odlu Yurdun da hüdudlarını yenidən almışdı!..

Kazan, Astarxan, Krım, Türkistan, Şimali Qafqas kibi, Azərbaycan da artıq yenidən Moskva boyun əgmişdi. Boyunmu əgmişdiə

Heyhat, minlərcə heyhat!.. İşdə bu dəfəki istila ilə digərlərinin fərqi!.. İştə dünkü Türklüklə bu günkinin fərqi! İştə dünki Şərq məsələsilə bu gün ortaya atılan yeni Şərq cərəyanının can nöqtəsi və fərqi!..

Tarixində ən qüvvətli səciyyəsi düşməninə baş əgməmək olan Türk artıq hər tərəfdə kəndisini, kəndi milli səciyyəsini və yolunu bulmuşdu. Hər tərəfdə türk gəncləri, Türkün sayğılı ağsaqqalları, türk qadın və çocuqları belə istila qüvvətinə qarşı düşmən deyə baxmış və onlara qarşı yalnız qəlblərində kin və nifrət daşımaqla qalmamış, qurşunlar, bombalar da sovurmağa, gizli mətləblərdə basılan tarixi bəyannamələrlə milli vicdanın səhifələrini də yüksəltmişlərdi…

Türk-Moskov cidalının bu yeni faciəsində ən şərəfli rollardan birisini də Azərbaycan Türklügü oynamaqdadır. 27 nisan işğalı hər şeydən ziyadə istiqlal qılıcını yenidən, atəşdən, qandan keçirərək hazırlıyor… 27 nisan vəhşəti hər şeydən ziyadə əgilməyən türk başına, alçalmayan türk alnına, titrəməyən türk imanına yalnız daha yüksək şərəf verməklə qalmıyor, onu tarixə daha layiq bir ruhda, istiqbalına büsbütün hakim olacaq bir surətdə hazırlıyor və yüksəltiyor.

Sevgili Azərbaycanın 27 nisan faciəsinə uğramış olmasından şübhəsiz ən acı ələmləri duyarız, fəqət unutmamalıyız ki, böylə milli faciələr qədər heç bir şey millətlər tarixində istiqbalın qurtuluş yolunu açamaz!..

Millət qayğısilə yanan arkadaşlarımızdan bəziləri girişdigimiz bu böyük milli cidalımızda lüzumundan pək fəzlə olaraq, xarici və maddi qüvvətlərə əhəmiyyət verirlər… Düşmənin siyasi müvəffəqiyyətsizlikləri, iqtisadi böhranları, daxili siyasətdəki çaşqınlıqları və sairəsini ölçər, biçər və ondan ümid alır. Bəncə bizim davamızda bunlar ikinci degil, hətta onuncu dərəcədə belə haizi əhəmiyyət məsələlər degildir. Bizim yolumuzdan keçən millətlərin hər birinin tarixlərinin dönüm nöqtələrində bir çox təsəvvürün fövqündə müvəffəqiyyətlərə nail olduqlarını görüyoruz. Bu təsadüf əsəri degildir. Milli davalar hər şeydən əvvəl ancaq və ancaq iman davasıdır. O, qüvvətini maddiyyatı düşünməməkdən, ancaq mənəviyyatdan alır və bu qədər qüvvətli olduğu təqdirdə tarixinə hakim olur.

Bən milli imanımızın qüvvətini hər şeydən və hər yerdən əvvəl Solofqadan, o vicdani millimizin ən şərəfli və ən müqəddəs müdafiləri olan qardaşlarımıza məktəb və məzar olmuş olan Şimalın buzlu, soyuq adasından alıyoram… Milli faciəmiz hər şeydən ziyadə orada canlanıyor. Oraya baxdığım zaman gördügüm solmuş rənglər, ərimiş vücudlar, titrəyən əllər, bükülən dizlər, cansız nəfəslər, dərin əninlər önündə hörmət və təqdislə diz çökərkən, millətin, istiqlalın haqqı və əşqi uğrunda məhv olduqları halda baş əyməyən, ölümlə qarşı-qarşıya, sənələrcə pəncələşdikləri halda geriyə və zillətə bir addım atmayan bu böyük ruhlu və ülvi imanlı gəncləri yaradan millətimizin əsir qalmayacağına olan imanım haqqın qüdrətindən daha böyük bir qüvvətlə canlanıyor…

Əvət istiqlal, o, sönməyən məhəbbət və məşələ!..

Krımlı C. Seyid Əhməd

“Odlu-Yurd”, nisan 1929, №3

Hərim – hörmətli yer
Ənin – inilti, zarıltı

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2017.- 16 sentybar.- S.20-21.

Source: anl.az