“Fərhəngi-türki” lüğəti və Azərbaycan dilinin öyrənilməsində onun əhəmiyyəti

Bu kitab mərhum dilçi alim Səbirə Baxşəliyevanın “Məhəmmədtağı Qaraqoyunlunun “Fərhəngi-türki” lüğəti və Azərbaycan dilinin tarixinin öyrənilməsində onun əhəmiyyəti” mövzusunda yazdığı dissertasiya əsasında hazırlanıb.

Kitabda ilk öncə Səbirə Baxşəliyevanın elmi əsərləri haqqında məlumat və həmkarlarının onun barəsində yazdığı yazılar təqdim olunur. Daha sonra alimin əsəri Azərbaycan və rus dillərində verilir. S. Baxşəliyevanın tədqiq etdiyi “Fərhəngi-türki” lüğəti XVII əsrin əvvəllərində türk dillərinin, ilk növbədə, Azərbaycan və özbək dillərinin leksik mənzərəsini tam əhatə etməsi ilə seçilir. Tədqiqat işində lüğətdə verilmiş materiallar əsasında Azərbaycan dilinin XVII-XVIII əsrlərdə lüğət tərkibinin zənginliyi müəyyənləşdirilir, indiyə qədər yazılmış əsərlərdə nəzərə alınmamış, yazılı abidələrimizdə təsadüf edilməyən və müvafiq lüğətlərdə öz əksini tapmamış leksik vahidlər tapılıb üzə çıxarılır, onların mənaları və eyni zamanda, ayrı-ayrı qrammatik kateqoriyaların XVII-XVIII əsrlər Azərbaycan dili sistemində yeri və səviyyəsi müəyyən edilir. Müəllif lüğətdə təmsil olunan material əsasında XVII-XVIII əsrlərdə Azərbaycan dilində sinonimiyanın və omonimiyanın yerini, lüğət tərkibinin inkişaf meyilini, fonetik və morfoloji səviyyədə onun elmi mənzərəsini verir.

Əsərin 1-ci fəslində “Fərhəngi-türki”nin leksikası tədqiq edilir, 2-ci fəsildə dilimizin tarixi morfologiyasının, fonetikasının və dialektologiyasının öyrənilməsində bu lüğətin əhəmiyyəti qeyd edilir. Burada Azərbaycan dilinin müxtəlif səviyyələrdə inkişaf tarixini öyrənmək üçün əhəmiyyəti olan yeni aşkar edilmiş dil faktları tədqiqata cəlb edilir və türkologiyanın son nailiyyətləri fonunda işıqlandırılır.

Zümrüd

Səs.- 2009.- 30 oktyabr.- S. 15.

Sorce: anl.az