Venesiyanın elçisi Mikele Membre Taclı bəyim haqqında

Venesiyanın elçisi Mikele Membre (d. 1509 – ö. 1594; it. Michele Membrè) 1539-cu ilin avqustundan 1540-cı ilin avqust ayınadək paytaxt Təbrizdə Şah I Təhmasibin (d. 1514 – ö. 1576; 1524-1576) qonağı olub. O, imperiyanın cənubundan dəniz yolu ilə geri yollandı və Venesiyaya 1542-ci ilin yanvarında çata bildi; elçiliyi və səyahəti haqqında hazırladığı, 1542-ci il tarixli hesabatı (it. Relazione di Persia, 1542) hazırda Venesiya Dövlət Arxivində (it. Archivio di Stato di Venezia) saxlanılır. Həmin hesabatında [orjinal italyanca mətn 1969-cu ildə, ondan ingilis dilinə tərcümə 1993-cü ildə nəşr edilib] yazdıqlarından:

“Bütün dekabr və yanvar ayları hava olduqca soyuq idi və qar yağırdı. …

Həmin günlərdə Şah Təhmasib Taclı bəyim adlı anasını sürgün edərək, onu Şirazda dustaq etdi. Çünki o, mənim eşitdiyimə görə, anasının onu zəhərləyərək, qardaşı Bəhram-mirzəni şah elan etmək istəməsindən xəbər tutmuşdu. Şah bu məsələdən agah olduqdan sonra onun çox böyük olan əmlakını əlindən almışdı. O, onu yalnız üç hərəmin müşayiəti ilə yolladı və ona dolanması üçün ildə 300 dukat pul ayırdı. O, anasını öldürmək istəmədi, çünki atasının vəsiyyətinə görə, nə onu, nə də qardaşlarından heç birini öldürməməli idi.

Şah fevral ayının ilk günündə bayram təşkil edir və bu, üç gün davam edir. …”

Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikele Membre və Vinçenso Alessandri). [1993-cü il] İngilis dilində[ki nəşrində]n tərcümə, ön söz, giriş və şərhlər: O. Əfəndiyev; Elmi redaktor: Y. M. Mahmudov; AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu. Bakı: “Təhsil” nəşriyyatı, 2005, s. 52-53.